Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrinə musiqi alətləri verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Belə ki, orkestrə Avropanın aparıcı istehsalçıları tərəfindən hazırlanmış nəfəsli, zərb və simli alətlər bağışlanıb.
Bununla əlaqədar olaraq, teatrın direktoru Akif Məlikov qeyd edib ki, “ bu bütün misiqiçilərin ifa etmək istəyəcəkləri ən yaxşı musiqi alətləridir”.
“Opera teatrının simfonik orkestrinin mürəkkəb opera və balet tamaşalarının musiqisini səsləndirən yaradıcı kollektiv olmasını nəzərə alaraq, tez- tez xaricdən dəvət olunmuş dirijorlarla işləyir, eləcə də bizim musiqimizi xaricdə təqdim edir. Orkestrin yeni musiqi alətləri ilə təhciz olunması teatrın həyatında çox vacib hadisə idi”,- deyə A.Məlikov bildirib.
O həmçinin deyib ki, teatrın bu günkü uğurları, onun maddi-texniki təchizatı, yaradıcı kollektivlərin və ayrı-ayrı istedadlı solistlərin dəstəklənməsi, milli musiqimizin xaricdə fəal şəkildə təbliğ edilməsi şübhəsiz ki, teatra böyük qayğı ilə yanaşan Mədəniyyət və Turizm Nazirliyinin diqqəti ilə bağlıdır.
A.Zeydullayeva