Kənd Təsərrüfatı Nazirliyi ASK sektorunda risklərin güzəştli sığortası çərçivəsində büdcə vəsaitlərinin mənimsənilməsinin aşağı səviyyədə olduğunu qeyd edir. Bu barədə nazirliyin maliyyə və mühasibat uçotu şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov cümə axşamı ASK sahəsində mütəxəssislər üçün təlim-seminar zamanı bildirib.
“2007-2015-ci illərdə dövlət büdcəsində bu məqsədlərə 7,5 mln. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub, lakin 40-60 min manat sərf edilib”, - deyə R.Novruzov bildirib.
O qeyd edib ki, sığorta şirkətləri ASK sahəsində sığorta üçün minimum səviyyədə xidmətlər təqdim edirlər, bu səbəbdən fermerlər buna maraq göstərmirlər.
Xəbər verildiyi kimi, Hesablama Palatasının təhlilinə əsasən son illər ASK əmlakının sığortasının stimullaşdırılması məqsədi ilə sığorta məbləğinin 50%-nin ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılsa da, onun istifadəsi aşağı səviyyədədir. Belə ki, 2012-ci ildə bu məqsədlər üçün nəzərdə tutulmuş 750 min manat məbləğində vəsaitdən yalnız 4,7%, 2013-cü ildə 1 mln. manatdan yalnız 2%, 2014-cü ildə 1 mln. vəsaitdən yalnız 2,3% sərf edilib.
Hesablama Palatası kənd təsərrüfatı sığortası zamanı rəsmiləşdirmə prosesini sadələşdirməyi, sığorta məbləğinin dövlət tərəfindən ödənilən və hazırda 50% təşkil edən hissəsini artırmağı (bu, xüsusilə strateji mallara aiddir), bu sahədə maarifləndirmə işlərini gücləndirməyi tövsiyə edir.
A.Axundov