Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) aqrar risklərinin sığortası sahəsində ekspertlərin çatışmazlığı ilə bağlı problemin həlli məqsədilə birgə fəaliyyət göstərməyi planlaşdırır. Bu barədə ASA-nın rəhbəri Orxan Bayramov cümə axşamı “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda sığorta şirkətləri üçün təlim-seminarda məlumat verib.
“Bu sahədə ekspert çatışmazlığı var. Vəziyyətin yaxşılaşdırılması məqsədilə IFC ilə danışıqlar aparırıq”, - deyə O.Bayramov qeyd edib.
Onun sözlərinə görə, ASK seqmentində sığortanın inkişafına əngəl olan daha bir amil bu sektor üzrə statistik məlumatların çatışmamasından ibarətdir. “Risklərin qiymətləndirilməsi üçün sığorta şirkətləri son 4-5 il ərzində bu cür məlumatlara malik olmalıdır”, - deyə o qeyd edib.
Həmçinin, O.Bayaramov, misal üçün, havanı proqnozlaşdırmaq sahəsində sığorta şirkətləri ilə dövlət strukturları arasında əlaqələrin intensivləşdirilməsini vacib hesab edir.
Bundan başqa, kənd təsərrüfatı sahəsində sığorta və ya kreditləşmə zamanı rayonların ixtisaslaşması nəzərə alınmalıdır. “Rayonun ixtisaslaşmasından asılı olaraq bu və ya digər kənd təsərrüfatı bitkisinin sığortası stimullaşdırılmalıdır. Bu sahədə dövlət mexanizmləri hazırlanmalıdır”, - deyə O.Bayramov vurğulayıb.
Treninq-seminarların təşkilatçıları qismində IFC və ASA çıxış edir.
A.Axundov