Regionda təhlükəsizliyin təmin olunması işində Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığının möhkəmlənməsi böyük önəm kəsb edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edərkən bildirib.
Öz növbəsində, gürcü nazir həmçinin dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd etdi.
Həmin gün İ.Əliyev Fransanın Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı prezident noyabrın 13-də Parisdə törədilmiş terror aktı ilə bağlı bir daha Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verdi.
Görüşdə həmsöhbətlər arasında Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, kosmik sənaye, müdafiə, təhsil, mədəniyyət və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
F.Hüseynzadə