Bakı və Tbilisi Azərbaycan–Gürcüstan dövlət sərhədinin razılaşdırılmamış əraziləri üzrə tezliklə razılıq əldə ediləcəyinə ümid edirlər. Bu barədə Dövlət Sərhəd Хidmətinin (DSX) mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, Dövlət Sərhəd Хidmətinin rəisi–Sərhəd Qоşunlаrının Kоmаndаnı generаl-pоlkоvnik Elçin Quliyevin Gürcüstanın daxili işlər naziri Giorgi Mgebrşvili ilə görüşündə Azərbaycan – Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilməsini qeyd edilib, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqları bildirilib.
Tərəflər Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunmuş, Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.
Qeyd edilib ki, Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğal edilməsi ölkənin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qalır və həmin ərazilər transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunur.
R.Babayev