Azərbaycan və Çin kənd təsərrüfatı və alternativ enerji sahələri üzrə birgə müəssisələr yarada bilərlər. “AzərTAc” dövlət agentliyinin məlumatına görə, bu barədə baş nazirin müavini Abid Şərifov Pekində Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclasında çxışında bəyan edib.
“Nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin, kənd təsərrüfatı və alternativ enerji sahələri üzrə birgə müəssisələrin yaradılması, qarşılıqlı sərmayə qoyuluşunun artırılması, bu istiqamətdə Azərbaycanda yaradılmış sənaye və kimya parklarına Çin şirkətlərinin cəlb olunması hər iki tərəf üçün faydalı olacaq”, - deyə A.Şərifov bildirib.
İclasda qeyd edilib ki, yüklərin Azərbaycan üzərindən Avropaya və əksinə istiqamətdə daşınması nəticəsində vaxt itkisi 3 dəfəyə yaxın azala bilər. Bundan başqa, daşımalar üzrə maliyyə məsrəfləri də əhəmiyyətli dərəcədə azalar.
Tərəflər gələcəkdə iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını ifadə ediblər.
Sonda iclasın protokolu imzalanıb.
A.Axundov