Bakı Moksva ilə Ankara arasında yaranan gərginliyin aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə bəyan edib.
“Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır”, - deyə AzTV dövlət telekanalı prezidentin sözlərinədn sitat gətirir.
İ.Əliyev qeyd edib ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir.
Prezident M.Çavuşoğlunu xarici işlər naziri vəzifəsinə təyin olunması, həmçinin Antalyada uğurla keçirilmiş G20 Zirvə görüşü münasibətilə təbrik etdir.
“Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik olan bir dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı bildirdi ki, G20-nin Antalyada keçirilən Zirvə toplantısı bir çox məsələlərdə Türkiyənin mövqeyinin mühüm rola malik olduğunu göstərdi. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğuladı.
Öz növbəsində M.Çavuşoğlu qeyd etdi ki, Azərbaycan belə bir toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirdi. O İ.Əliyevi Azərbaycanda 1 noyabr tarixində keçirilən parlament seçkiləri münasibətilə təbrik edib. “Çox uğurlu seçki keçirdiniz. Beynəlxalq təşkilatların hesabatlarına da baxdım. Dünən Avropa Şurasının təsdiq hesabatlarına da baxdım. Bu münasibətlə sizi təbrik edirik”, - deyə M.Çavuşoğlu bəyan edib.
Nazir Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi.
Məlumata görə, həmsöhbətlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıldı.
R.Babayev