ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbində olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı BANM-nin rektoru Elmar Qasımov qonağa ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, 4 illik fəaliyyəti ərzində nailiyyətləri haqqında ətraflı məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalatla sıx əlaqədə həyata keçirildiyini xatırladıb. O, həmçinin qonağa BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlər, yeni yaradılmış Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi və s. barədə məlumat verib.
Həmçinin rektor ISESCO-ya üzv olan ölkələrin gənclərinin BANM-də təhsil almaları imkanlarından danışıb və bunun üçün ISESCO tərəfindən təqaüdün ayrılması təklifini irəli sürüb.
Sonda E.Qasımov Ə.əl-Tuveycrini prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi və yenidən ISESCO-nun baş direktoru seçilməsi münasibəti ilə təbrik edib.
Öz növbəsində Ə.əl-Tuveycri ISESKO-ya üzv ölkələrdə neft-qaz və texnologiyalar üzrə ixtisaslaşmış bir sıra aparıcı ali təhsil müəssisələrinin mövcud olduğunu, lakin BANM-in çox müasir və səmərəli layihə hesab etdiyini bildirib.
ISESCO-ya üzv olan ölkələrin istedadlı gənclərinin BANM-də təhsili üçün təqaüdlərin ayrılmasını təqdirəlayiq hesab etdiyini və bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu qeyd edib.
Görüşdə tərəflər ISESCO-ya üzv olan ölkələrin vətəndaşlarının BANM-də təhsil almaları, bunun üçün təqaüdün ayrılması və təhsilin təşkili ilə bağlı müzakirələr aparıblar.
A.Zeydullayeva