Noyabrın 30-da Avropa Şurasının Brüssel ofisində start götürən “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq konfransda Azərbaycanın nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı başçılıq edir.
Komitənin mətbuat xidmətinin yaydığı məlumata əsasən, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanı dünya ictimaiyyətinə sivilizasiyaların və dinlərin qovuşduğu tarixi məkan kimi tanıtmaq, dövlətin din siyasətini, xalqımızın tolerant və multikultural dəyərlərini beynəlxalq miqyasda təbliğ etmək, eləcə də ölkənin dünyada dinlər və mədəniyyətlərarası dialoq prosesini aktiv dəstəkləmək iradəsini avropalı ekspertlər vasitəsilə nümayiş etdirməkdir.
Bununla yanaşı, Azərbaycanda mövcud olan dünyəvi sistemin dini konfessiyaların azadlığı baxımından nümunəvi model kimi tanıdılması, ölkəmizin dövlət-din münasibətlərinin dövrümüzdə qlobal miqrasiya böhranı ilə üzləşən Avropa ilə müqayisə edilməsi nəzərdə tutulub.
Yüksək səviyyəli ekspertlərin, Qərbin tanınmış tədqiqat mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin və avropalı parlamentarilərin iştirak etdikləri konfrans DQİDK-nin dəstəyi və “EMİSCO”-nun (Sosial Vəhdət uğrunda Avropa-Müsəlman Təşəbbüsü) təşkilatçılığı ilə keçirilir.
Azərbaycanı tədbirdə Milli Məclisin üzvü Sahibə Qafarova, DQİDK-nın Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev təmsil edirlər.
F.İsazadə