2015-ci ilin yanvar- sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatının həcmi 24 mln. ton təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 0,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
Bu dövrdə sutkada orta hesabla 640 min barel neft istehsal edilib.
Bununla belə, hesabat dövründə “Çıraq” platformasından sutkada orta hesabla 54 min barel, “Mərkəzi Azəri” platformasından 156 min barel, “Qərbi Azəri” platformasından 110min barel, “Şərqi Azəri” platformasından 72 min barel, “Dərinsulu Günəşli” platformasından 141 min barel, “Qərbi Çıraq” platformasından 107 min barel neft hasil edilib.
ABƏŞ-in məlumatına əsasən, 2015-ci ilin yanvar- sentyabr aylarında şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərclərin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,9% - $ 2 mlrd.70 mln-a qədər azalıb.
Qeyd olunan məbləğdən hesabat dövrü ərzində ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərcləri $570 mln., əsaslı xərcləri $ 1 mlrd. 500 mln. təşkil edib”, - deyə bildirilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə AÇG blokundan 31,5 mln. ton neft hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
N.Abbasova