Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında Azərbaycanın ölkədə qeyri-maddi mədəni irsin vəziyyətinə dair beşillik hesabatı qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin hesabatda ölkədaxili və xaricində həyata keçirilən təbliğat-təşviqat tədbirləri, bütün qeyri-maddi mədəni irs nümunələrinin, xüsusilə YUNESKO-nun müvafiq siyahısına daxil edilmiş irs nümunələrinin qorunması və inkişafı üçün dövlət tərəfindən həyata keçirilmiş fəaliyyət əks olunub.
Bundan başqa, hesabatda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qeyri-maddi mədəni irsimizə dəymiş ziyan haqqında məlumat, habelə bu işğalçılıq nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda öz doğma yurdlarını tərk etmə məcburiyyətində qalmış və hazırda Azərbaycanın digər ərazilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərimizin qeyri-maddi mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması ilə bağlı çətinliklər öz əksini tapıb.
A.Zeydullayeva