Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirir. Bu barədə yerli KİV-lər məlumat verir.
Qəsəbənin girişində əlavə polis qüvvələri və xüsusi texnika cəmlənib.
Qeyd edilir ki, vəziyyətin gərginləşməsinə səbəb yerli sakinlərin qəsəbəyə girişi bağlaması olub. Nardaranlılar noyabrın 26-da həlak olmuş qəsəbə sakinlərinin meyitlərinin qaytarılmasını tələb edirlər.
Daxili İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bu barədə rəsmi məlumatın daha sonra veriləcəyi bildirilib.
Xəbər verildiyi kimi, Nardaranda baş vermiş silahlı insident nəticəsində cinayətkar qruplaşmanın 5 üzvü öldürülüb, iki polis əməkdaşı həlak olub. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilib. İnsidentlə bağlı 14 nəfər həbs edilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun Nardaranda baş vermiş silahlı insidentlə bağlı birgə məlumatında bildirilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.
F.İsazadə