Dekabrın 3-4-də Bakıda “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” devizi altında 3-cü Regional İnternet İdarəçilik Forumu keçiriləcək. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatında deyilir.
Tədbiri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı Ofisi (BMTİP) və ADA Universiteti birgə təşkil edəcək.
“Forumun keçirilməsində əsas məqsəd daha da səmərəli və effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün İnternetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməklə yanaşı bu sahədə olan problemlərin müzakirəsi, maraqlı layihələri nümayiş etdirməkdir”, - deyə məlumatda qeyd olunur.
Tədbir çərçivəsində “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və İnnovasiya üçün Kiber Təhlükəsizlik –– Regional Kiber Təhlükəsizlik Alyansları Təşəbbüsləri”, “Təhsildə kompyuter elmləri - 2019-cu ilə qədər maneələr” və digər mövzular müzakirə olunacaq.
A.Əzizov