“Azercell Telecom" MMC-nin prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev 1 dekabr 2015-ci il tarixindən etibarən şirkətin prezidenti təyin edilib. Bu barədə “Azercell”dən məlumat verilib.
V.Mürsəliyev şirkətin Hüquq və İdarə İşləri Departamentinin müdiri olmaqla bərabər 2015-ci ilin yanvar ayından etibarən şirkətin prezidenti vəzifəsini icra edib.
V.Mürsəliyev "Azercell"də 2005-ci ildən çalışır. Ötən 10 il ərzində V.Mürsəliyev şirkət prezidentinin baş müşaviri və Hüquq və İdarə İşləri Departamentinin müdiri də daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib və hazırda “TeliaSonera” şirkətlər qrupuna daxildir. Azərbaycanın mobil rabitə bazarında “Azercell Telecom”un payı 48,12% təşkil edir və şirkət ölkə ərazisinin 99,8%-ni əhatə edir. Şirkətin abunəçilərinin ümumi sayı 4,5 mln. təşkil edir.
N.Abbasova