İran SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) bu ölkənin qurudakı yataqlarının işlənməsində iştirak etməyi təklif edir. Bu barədə çərşənbə axşamı jurnalistlərə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
X.Yusifzadə qeyd edib ki, noyabrın 28-də SOCAR-ın nümayəndə heyətinin İrana səfəri baş tutub. Məqsəd beynəlxalq sanksiyalar aradan götürüləndən sonra İranın reallaşdırmağı planlaşdırdığı neft sahəsində layihələrin təqdimatınə həsr olunan konfransda iştirak etməkdir.
“İran istəyir ki, sanksiyalar tətbiq olunandan sonra ölkədə fəaliyyətlərini dayandıran xarici şirkətlər yenidən fəaliyyətlərini bərpa etsinlər. Bu konfrans zamanı İran tərəfi xarici şirkətlərə həyata keçirməyi təklif etdiyi yataqların və işlərin təqdimatını keçirib. İranın Xəzərin İran sektorunda 4 bloku var. Lakin bizə bildirdilər ki, söhbətin dəniz yataqlarının işlənməsindən getməsi vacib deyil”, - deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, İran Azərbaycanla birgə quruda yerləşən yataqların işlənməsi ilə bağlı layihələrdə iştirak etməyə hazırdır.
“Bizə bildirildi ki, əgər Azərbaycan İranda quruda hər hansı yatağın işlənməsinə investisiya yatırmaq istəsə, İran tərəfi buna etiraz etməyəcək”, - deyə o vurğulayıb.
Həmçinin X.Yusifzadə məlumat verib ki, Tehranda danışıqlar zamanı SOCAR İran tərəfinə neft-qaz sahəsində əməkdaşlıq memorandumunun layhəsini təqdim edib.
“İran tərəfi bu sənədi öyrənərək cavab verməyi vəd etdi. Ümumilikdə İranın neft naziri və onun müavinləri ilə danışıqlar çox uğurlu oldu. İran bizimlə çalışmaq arzusundadır, biz də bu əməkdaşlıqda maraqlıyıq”, - deyə vitse-prezident vurğulayıb.
O qeyd edib ki, İran tərəfinin işlənmək üçün təklif etdiyi dəniz yataqlarında Azərbaycanla mübahisəli sahələr yoxdur.
“Mən şəxsən həmin xəritələri tədqiq etmişəm və əmin oldum ki, onların Azərbaycan sektoruna heç bir aidiyyəti yoxdur, bu yataqlar Xəzər İran sektorunun hüdudlarında yerləşirlər”, - deyə X.Yusifzadə sonda bildirib.
N.Abbasova