Fransanın “Airanespace” şirkəti Azərbaycanın ikinci telekommunikasiya peykini geostasionar orbitə çıxaracaq. Bu barədə çərşənbə axşamı rabitə və yüksək texnologiyalar nazrinin müavini Elmir Vəlizadə mətbuat konfransında məlumat verib.
“Bu şirkət RYTN-in keçirdiyi müvafiq tenderin qalibi olub. Dekabrın 2-də “Bakutel-2015” Telekommunikasiya sərgi-konfransı çərçivəsində “Airanespace” ilə müqavilə imzalanacaq”, - deyə E.Vəlizadə qeyd edib.
Peyk «Ariane-5ECA» raket daşıyıcısının köməyi ilə geostasionar orbitə çıxaracaq.
Xəbər verildiyi kimi, “Airanespace” şirkəti Azərbaycanın ilk AzerSat telekommunikasiya peykini «Ariane-5ECA» raket daşıyıcısının köməyi ilə geostasionar orbitə buraxıb. “Airanespace” ilə müqavilənin dəyəri $93 mln. təşkil edib.
“Azerspace-2” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. “İntelsat” ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.
“Azərkosmos” “Space Systems/Loral” (SSL) şirkəti ilə “Azerspace-2” peykinin istehsalına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri $191,36 təşkil edir.
“Azerspace-2” peyk layihəsi Kanadanın “Export Development Canada” (“EDC”) ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
A.Axundov