Milli Məclisin spikeri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TürkPA Assambleya Şurasının iclasında və təşkilatın növbəti 6-cı plenar iclasında iştirak etmək üçün çərşənbə günü Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Çingiz Qənizadə,İlham Əliyev, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Qurumun Şura iclasında Azərbaycanın təşkilata sədrliyinin nəticələri, TürkPA Katibliyinin illik fəaliyyəti barədə hesabatlar dinləniləcək və digər təşkilatı məsələlərə baxılacaq. TürkPA-nın 6-cı plenar iclasında Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda keçirilmiş seçkilərə dair məruzələr dinləniləcək, qurumun komissiyalarının tövsiyə qərarlarına baxılacaq.
İclasın sonunda Astana Bəyannaməsi imzalanacaq.
O.Əsədov tədbirdə Azərbaycanın təşkilata sədrliyi dövründəki fəaliyyəti barədə, quruma üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığa dair və gündəlikdəki digər məsələlərlə əlaqədar çıxışlar edəcək.
Milli Məclis sədrinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.
Nümayəndə heyətinin üzvləri “Böyük Çöldə dövlətçilik və parlamentarizm” mövzusunda beynəlxalq konfransın işinə qatılacaq, Türk Akademiyasında, Qazaxıstan Milli Muzeyində, ölkənin birinci prezidentinin kitabxanasında olacaqlar.
Nümayəndə heyətinin səfəri dekabrın 4-dək davam edəcək.
R.Babayev