Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov prezidentə aparılan işlər barədə məlumat verib.
Onun sözlərinə görə, terminalda uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb.
Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 400-450 nəfərə çatdırılmasına imkan verəcək.
Hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı ilə yanaşı, İstanbul və Moskva şəhərlərinə də uçuşlar həyata keçirilir. Yaxın zamanda Gəncə şəhərinə də uçuşların bərpa edilməsi nəzərdə tutulur.
B.Rüstəmbəyov