Azərbaycan Qətiyyətli Dəstək Missiyasına (QDM)eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfəsinin 2016-cı il ərzində də davam edəcəyini bildirir. Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO Qətiyyətli Dəstək Missiyasının Nazirlər toplantısında çıxışı zamanı bildirib.
“Azərbaycan 2016-cı ildə Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfələrini davam etdirəcək”,- deyə E.Məmmədyarov qeyd edib.
O deyib ki, Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım edib və 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcək.
“Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq Missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim”- deyə nazir bildirib.
“Azərbaycan Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir. Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı özü-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Yeni İpək Yolunun mühüm hissəsi hesab edir”, - deyə XİN başçısı vurğulayıb.
A.Əzizov