Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat qarşıya qoyulan vəzifələr yerinə yetirilənə qədər davam edəcək. Bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Şahin Məmmədov söyləyib.
“Daxili İşlər Nazirliyi Nardaranda baş verən hadisələrlə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Bu tədbirlərin həyata keçirilməsi məqsədi ilə DİN-in şəxsi heyəti və polis qüvvələri xüsusi əməliyyatın yerinə yetirilməsinə başlayıblar. Bu əməliyyat dekabrın 1-də səhər saatlarında başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri qəsəbədə ictimai asayişin bərpa olunması üzrə qarşıya qoyulan vəzifələr tamamilə yerinə yetirilənə qədər davam etdiriləcək”, - deyə Ş.Məmmədov AzTV dövlət kanalına verdiyi müsahibəsində bildirilib.
Azərbaycanın hüquq-mühafizə orqanları dekabrın 1-də səhər saat 8-də vətəndaşların hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi və isifadədə olan qanunsuz odlu silah və partladıcıların yığışdırılması məqsədi ilə əməliyyata başlayıb. Fəaliyyət planına uyğun olaraq qəsəbəyə məhdud sayda xüsusi texnika, polis qüvvələri və DİN Daxili Qoşunlarının şəxsi heyəti cəlb edilib. Müəyyən yerlərdə postlar qurulub, hazırda xüsusi əməliyyatların keçirildiyi zonada Baş Prokurorluq, DİN və MTN-in əməliyyat istintaq qrupu fəaliyyət göstərir.
Xəbər verildiyi kimi, Nardaranda baş vermiş silahlı insident nəticəsində cinayətkar qruplaşmanın 5 üzvü öldürülüb, 2 polis əməkdaşı həlak olub. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilib. İnsidentlə əlaqədar 24 nəfər həbs edilib.
DİN və Baş Prokurorluğun Nardaranda baş vermiş silahlı insidentlə bağlı birgə məlumatında bildirilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.
Aparılan xüsusi əməliyyat zamanı 4 ədəd avtomat, 4 ədəd tapança, 12 ədəd qumbara, 3 ədəd məsafədən idarə edilən partladıcı qurğu, 10 ədəd “Molotov kokteyli”, 7 ədəd bıçaq və 3 ədəd beşbarmaq aşkarlanaraq müsadirə olunub.
A.Əzizov