Çərşənbə günü Bakıda “Bakutel 2015” XXI Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri sərgidən məlumat verib.
Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən, nazirin birinci müavini Ramin Quluzadə sərginin açılış mərasimində qeyd edib ki, keçirildiyi 21 il ərzində “Bakutel” sərgisi “sahibkarlar arasında əlaqələrin qurulması və əməkdaşlıq üçün uğurlu meydança” statusunu qazanıb.
O qeyd edib ki, sərginin auditoriyası və əhatə dairəsi hər il genişlənir.
Bu il sərgidə 21 ölkədən 203 şirkət təmsil olunub. Bunlar Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa, Yaponiya və digər ölkələrdir.
Təşkilatçılar sərginin keçiriləcəyi 4 gün ərzində 10 min ziyarətçinin olacağını gözləyirlər.
A.Axundov