Dünən hüquq-mühafizə orqanlarının Konstitusiya quruluşunun bərpası üzrə xüsusi əməliyyat keçirdikləri Nardaran qəsəbəsində vəziyyət nisbətən stabil olaraq qalır.
Hazırda vəziyyət xüsui təyinatlı polis bölmələri və Daxili Qoşunların nəzarəti altındadır. Qəsəbənin girişində quraşdırılan postlar qalmaqdadır. Yalnız yerli sakinlərə girişə icazə verilir.
Bundan başqa, qəsəbənin küçələrindən radikal dini şüarlar, plakatlar və qara bayraqlar yığışdırılır.
Bununla yanaşı, polis İmam Hüseynin vəfatının 40 günü ilə əlaqədar “ərbain” dini mərasiminin keçirilməsində sakinlərə əngəl olmur. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun jurnalistlərə verdiyi məlumata görə, mərasim günorta namazına qədər davam edəcək.
“Polis mərasimin keçirilməsində sakinlərə mane olmur. Mərasimdə yalnız Nardaran sakinləri iştirak edirlər. Tədbir günorta namazına qədər davam edəcək”, - deyə N.Kərimov qeyd edib.
Daha əvvəl Daxili Qoşunların komandanı Şahin Məmmədov AzTV dövlət telekanalına verdiyi müsahibəsində bəyan edib ki, xüsusi əməliyyat tədbirləri Bakının Nardaran qəsəbəsində ictimai asayişin bərpa olunması üzrə qarşıya qoyulan vəzifələr tamamilə yerinə yetirilənə qədər davam etdiriləcək.
Ötən cümə axşamı Nardaranda baş vermiş silahlı insident nəticəsində cinayətkar qruplaşmanın 5 üzvü öldürülüb, 2 polis əməkdaşı həlak olub. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilib. İnsidentlə əlaqədar 24 nəfər həbs edilib.
Xəbər verildiyi kimi, DİN və Baş Prokurorluğun Nardaranda baş vermiş silahlı insidentlə bağlı birgə məlumatında bildirilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.
Xüsusi əməliyyat zamanı 4 ədəd avtomat, 4 ədəd tapança, 12 ədəd qumbara, 3 ədəd məsafədən idarə edilən partladıcı qurğu, 10 ədəd “Molotov kokteyli”, 7 ədəd bıçaq və 3 ədəd beşbarmaq aşkarlanaraq müsadirə olunub.
F.İsazadə