Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən 3 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Belə ki, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cabbarov tutulub. Ondan 2 ədəd “F-1” qumbarası və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd “RQD-5” qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat, 1 ədəd dini məzmunlu qəzet və 3 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.
Sabirabad RPŞ əməkdaşları tərəfindən noyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə həbs olunmuş Möhtəbər Babayevin məlum Nardaran hadisəsində iştirak etməsi və “Müsəlman birliyi” adlı hərəkatın üzvü olan Rövşənin ona saxlamaq məqsədi ilə avtomat silah verməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd “AKMS” markalı silah, 1 ədəd parton darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
O cümlədən Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elgün Axundov tutulub, onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd “F-1” qumbarası və 22 ədəd patron götürülüb.
B.Rüstəmbəyov