Azərbaycan ordunu müasir standartlara uyğun qurur, yeni silah və hərbi texnikalar alır. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüş zamanı bəyan edib.
“Artıq ordunun təchizatında ən müasir silahlar vardır. Bu, dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır”, - deyə nazirliyin mətbuat xidməti Z.Həsənova istinadən yazır.
Məlumata əsasən, nazir çıxışında son illər ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb.
Z.Həsənov özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və Azərbaycanda ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.
Müdafiə naziri təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edib.
F.İsazadə