Çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 7 qanun layihəsi müzakirə olunub. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Komitənin sədri Ziyad Səmədzadə qeyd edib ki, həmin sənədlərin üçü beynəlxalq sazişlərdir.
Azərbaycan Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqələri haqqında, o cümlədən bu ölkə ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, həmçinin San-Marino Hökuməti ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına xidmət edir.
Gündəlikdəki digər məsələlər isə Ticarət Gəmiçiliyi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Təbii inhisarlar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir. Bu dörd qanuna təklif olunan dəyişikliklər “Dəniz limanları haqqında” Qanunun tətbiqini və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Gündəlikdəki 7 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
R.Babayev