Dekabrın 2-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli arasında baş tutan görüşdə Müdafiə nazirlikləri arasında əlaqələrin müəyyən edilmiş istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, Silahlı Qüvvələrin müxtəlif bölmələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsinin perspektivləri, qarşılıqlı işçi görüşlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Z.Həsənov ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO vasitəsilə həyata keçirilən proqramlar və treninqlər çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xüsusi qeyd edib.
O, dövlətlərimiz arasında strateji tərəfdaşlığın daim inkişaf etdiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və dərin tarixi köklərə malik olduğunu xatırladaraq Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və cəbhəboyu zonada gərginliyi artırmaq cəhdlərini diqqətə çatdırıb.
F.İsazadə