Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya Federasiyası) və Pyer Andryu (Fransa) ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər həmsədrlərin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində Minsk qrupunun fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələlərini müzakirə ediblər.
E.Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün vasitəçilərin səylərinin artırılmasının vacibliyini vurğulayıb.
Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır
R.Babayev