“Formula-1” Avropa Qran Prisinin Azərbaycandakı rəsmi təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) paytaxtın mərkəzi küçələrində yarışı ilə bağlı hazırlıq çərçivəsində təmir-tikinti işləri barədə məlumat verib.
Dekabr ayının 2-dən etibarən Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin dekabr ayının 2-də yekunlaşması nəzərdə tutulsa da, yeraltı qəza səbəbindən təmir işləri uzanıb.
Bu gün, dekabr ayının 3-ü gecə saatlarından etibarən isə Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hərəkəti tam bağlı olacaq. Xaqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.
Yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pri-dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
“Formula-1” Avropa Qran Prisinin Bakıdakı mərhələsi 19 iyun 2016-cı il tarixində keçiriləcək.
R.Babayev