Rusiya, ABŞ və Fransa nümayəndə heyətlərinin rəhbəri - Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında qarşıda gözlənilən görüşü dəstəkləyirlər.
“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında qarşıda gözlənilən görüşü dəstəkləyirik”, - deyə S.Lavrov, C.Kerri və H.Desirin birgə bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçiliyə sadiq qalırlar.
Onlar tərəfləri 2016-cı ildə də hazırda danışıqlar prosesində olan təkliflər üzrə intensiv dialoqu davam etdirməyə çağırıblar.
“Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının ciddi şəkildə artması ilə bağlı status-kvo bu il qeyri-stabil olub”, - deyə bəyanatda vurğulanır.
Nazirlər ağır silahlardan istifadəni pisləyib və ATƏT araşdırma mexanizmi də daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdikləri tədbirləri qəbul etməyə, Azərbaycan və Ermənistanı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkaşlığı davam etdirməyə çağırıblar.
S.Lavrov, C.Kerri və H.Desir vurğulayıblar ki, Minsk qrupu tərəflərin qəbul etdiyi yeganə formatdır və ATƏT-ə üzv olan bütün ölkələrin etibarını qazanıb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
A.Axundov