Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda terror fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşlarının vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan dəyişikliklər qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verib.
Qəbul edilmiş dəyişikliklərə əsasən, terror fəaliyyətində iştirak edən və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər həyata keçirən şəxslər vətəndaşlıqdan məhrum ediləcək.
Həmçinin dini ekstremist fəaliyyətdə iştirak edən və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçən, yaxud dini düşmənçilik zəminində dini məzhəblərin yayılmasında və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak edən və ya həmin münaqişəyə digər şəxsləri cəlb edən, yaxud bu məqsədlə sabit qrup yaradan şəxslərə qarşı da analoji tədbirlər tətbiq ediləcək.
Bundan başqa, Milli Məclis “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsini də qəbul edib.
R.Babayev