Milli Məclisin cümə günü keçirilən plenar iclasında “Dini etiqad azadlığı” haqqında qanunda və Cinayət Məcəlləsində islami dini ayinlərin yerinə yetirilməsinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutan düzəlişlər qəbul edilib.
“Azərbaycanda 3 minə yaxın vətəndaş xaricdə dini təhsil alıb. Ölkə hüdudlarından kənarda təhsil alanlar təhsillərini başa vurduqdan sonra olduqları ölkənin ideologiyasını, həyat tərzini və ab-havasını Azərbaycana gətirirlər”, - deyə Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov “Dini etiqad azadlığı haqqında” qanuna edilən düzəlişlər barədə danışarkən bildirib.
Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər bir sıra məhdudiyyətləri nəzərdə tutur. Bu düzəlişlərə əsasən, ölkədə islam dininə aid ayinləri yalnız Azərbaycanda dini təhsil almış ölkə vətəndaşları keçirə bilərlər.
“ABŞ-da analoji mexanizm fəaliyyət göstərir, ABŞ qanunvericiliyinə görə, yalnız ABŞ-da doğulan və bu ölkənin vətəndaşı olan şəxslər prezident və ya müəllim vəzifəsini tuta bilərlər. Yəni bu o deməkdir ki, ABŞ-da doğulmayan və bu ölkənin vətəndaşı olmayan şəxslər şagirdlərin psixologiyasını düzgün formalaşdıra bilməz”, - deyə S.Novruzov qeyd edib.
Layihəyə əsasən, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə edilmiş düzəlişə əsasən xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarının islam dininə aid ayin və mərasimlər aparması qadağandır.
Eyni zamanda, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
“İslamda dini bayraq anlaşıyış yoxdur. Buna görə dini atribut anlayışını dini rəmzlər anlayışı ilə əvəz etməyi daha düzgün hesab edirəm”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib.
Onun sözlərinə görə, dini ibadət yerlərində yalnız Azərbaycanın milli bayraqları asıla bilər.
“Bir çox Azərbaycan vətəndaşları xaricdə dini təhsil almağa can atır. Çünki orada dini təhsil pulsuzdur. Buna görə hesab edirəm ki, ölkədə pulsuz dini təhsil verən universitetin açılması düzgün addım olardı. Əks halda 18 yaşlı gənclər xaricə təhsil almağa gedir və orada başqa dövlətlərin dəyərlərinə yiyələnirlər və geri qayıdarkən bu dəyərləri Azərbaycanda tətbiq etməyə çalışırlar”, - deyə M.Qurbanlı vurğulayıb.
Həmçinin deputatlar Cinayət Məcəlləsində dini mərasimlərin keçirilməsi ilə məşğul olan Azərbaycan vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan düzəlişləri qəbul ediblər.
“Qanunvericiliyə edilən bütün bu düzəlişlər Azərbaycan vətəndaşlarının xaricdə dini təhsil almasının məhdudlaşdırılmasına yönəlməyib. Azərbaycan vətəndaşları xaricdə dini təhsil almaqda və vətənə qaydarkən burada digər sahələrdə fəaliyyət göstərməkdə sərbəstdirlər”,- deyə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Cinayət Məcəlləsinə əlavə edilən 168-1-ci maddədə İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması nəzərdə tutulur.
Cinayət Məcəlləsinə əlavə edilən 168-2-ci maddəyə əsasən, Azərbaycanda dini təbliğatla məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər 1 ildən 2 ilə qədər azadlıqdan məhrum ediləcək.
Yuxarıda qeyd edilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
R.Babayev