Bakı Ali Neft Məktəbi (BANM) Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-in mətbuat xidmətindən məlumat verilib.
Küveytin Afnan Beynəlxalq Holding Şirkətinin (Afnan International Holding Company) sədri Mübarək əl-Cassim Bakı Ali Neft Məktəbində olub. BANM-in rektoru Elmar Qasımov qonağa məlumat verib ki, ali məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır. O, ali məktəbdə təhsilin ödənişsiz olduğunu, tədrisin ingilis dilində aparıldığını və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini qonağın diqqətinə çatdırıb. Həmçinin imtahanların Heriot-Vatt Universitetinin professorları tərəfindən keçirildiyini və tələbələrin biliyinin tam şəffaf qiymətləndirildiyini bildirib. O, hər il ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-i seçdiyini və Prezident təqaüdçüsü adını qazanan BANM tələbələrinin sayının hər il artdığını deyib. E.Qasımov tələbələrin SOCAR, “Total”, BP, “Schlumberger”, “Emerson Process Management”, “Statoil”, “Schneider Electric”, ABB, “Halliburton” və digər bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırıb. Azərbaycanın neft mühəndisliyi sahəsində 100 illik təcrübəsinin olduğunu bildirən rektor əmək bazarında rəqabətə girmək üçün keyfiyyətli kadrların hazırlanmalı oldugunu vurğulayıb. Onun sözlərinə görə, sözügedən şirkətlər BANM-lə çox həvəslə əməkdaşlıq edir. E.Qasımov Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verməyə hazır olduğunu deyib.
Afnan Beynəlxalq Holding Şirkətinin sədri Mübarək əl-Cassim qəbula görə öz təşəkkürünü bildirib. Azərbaycana ilk dəfə səfər etdiyini və Bakıya birinci dəfə gəldiyini deyən qonaq ölkəmizə heyranlığını ifadə edib. O, ixtisasca mühəndis olduğunu bildirərək təmsil etdiyi şirkət haqqında məlumat verib. Mübarək əl-Cassim Küveytdə yeni ali məktəb yaradılması məsələsi ilə bağlı körfəz regionunda neft və qaz təlimini gücləndirmək üçün beynəlxalq əməkdaşlığa maraq göstərdiyini, bu məqsədlə Bakı Ali Neft Məktəbinin fəaliyyəti ilə ətraflı tanış olmaq üçün BANM-i ziyarət etmək arzusunda olduğunu deyib. O, bu sahədə əməkdaşlığa ümidini ifadə edərək tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
Görüşdə qarşılıqlı əlaqələrin qurulması üçün əməkdaşlıq, o cümlədən digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdən sonra Mübarək əl-Cassim BANM-in tədris auditoriyalarını gəzərək professor-müəllim heyəti və tələbələrlə görüşüb.
A.Zeydullayeva