Dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi məlumatında deyilir.
“Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılılıb”, - deyə məlumatda bildirilir.
Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.
Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.
N.Abbasova