“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin cəsədlərini tapmaq hələ ki, mümkün olmayıb. Bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, platformada yanğın davam edir.
Xəbər verildiyi kimi, cümə günü saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiya qarşısında xilasetmə işlərinin və itkin düşənlərin axtarışının sürətləndirilməsi, hadisənin baş vermə səbəblərinin araşdırılması və baş vermiş faciənin nəticələrinin aradan qaldırılması vəzifəsi qoyulub. Baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxil edilib.
Bundan əlavə, platformadakı qəza faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
Xilasetmə işləri çərçivəsində 33 nəfər xilas edilib, 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb.
B.Rüstəmbəyov