"PAŞA Həyat Sığorta" şirkəti “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində xəsarət alan işçilərə, həmçinin həlak olan neftçilərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahını dəqiqləşdirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat katibi Elnur Hüseynquliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda SOCAR-ın müvafiq idarələri ilə birlikdə məlumatlar toplanılır: “Qəzada xəsarət alanların hamısına, eləcə də həlak olanların ailələrinə qanunvericiliyə uyğun olaraq sığorta ödənişi veriləcək”, - deyə o qeyd edib.
Sığorta ödənişi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
Xəbər verildiyi kimi, cümə günü saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiya qarşısında xilasetmə işlərinin və itkin düşənlərin axtarışının sürətləndirilməsi, hadisənin baş vermə səbəblərinin araşdırılması və baş vermiş faciənin nəticələrinin aradan qaldırılması vəzifəsi qoyulub. Baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxil edilib.
Bundan əlavə, platformadakı qəza faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
A.Əzizov