Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Rusiyanın “Lifenews” telekanalında Azərbaycanın siyasi xəritəsinin təhrif edilməsi faktını qınayıb.
“Biz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilməsi faktını qətiyyətlə pisləyirik”, - deyə H.Hacıyev “Lifenews” telekanalında təqdim edilmiş süjetdə Azərbaycanın siyasi xəritəsinin təhrif edilərək təqdim olunması faktını “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.
O qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi bununla bağlı lazımi tədbir görəcək.
“Bu addım telekanalın qeyri-obyektiv mövqeyini və qeyri-peşəkarlığını nümayiş etdirməklə yanaşı, beynəlxalq hüquqa hörmətsiz münasibəti əks etdirir. “Lifenews” kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənirdi. Bu, kanal rəhbərliyinə erməni lobbisi tərəfindən göstərilən təsirlə bağlıdır”, - deyə H.Hacıyev əlavə edib.
Dekabrın 5-də “Lifenews” kanalının efirində yayımlanmış videosüjetdə Azərbaycanın xəritəsi təhrif edilərək təqdim olunub, belə ki, xəritədə işğal altında olan Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon göstərilməyib.
“Lifenews” telekanalının baş direktoru Aşot Qabrielyandır.
R.Babayev