“Günəşli” yatağının 10 saylı platformasındakı bir neçə qaz quyusunda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bu gün mətbuat konfransında məlumat verib.
“Bir neçə qaz quyusunda yanğın davam edir. Hazırda meydançada platformaya su verilməsi üçün avadanlıq quraşdırlıb. Günün sonuna kimi bu sistemin platforma ilə birləşdirilməsi başa çatacaq. Gəmidə yanğının söndürülməsi üçün gücü saatda 1500-2000 kubmetr təşkil edən su nasosu da quraşdırılacaq”, - deyə B.Ağarəhimov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, itkin düşən neftçilərin axtarışına FHN-in 4 helikopteri, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 5 gəmisi cəlb olunub. “Neft Daşları”nda axtarış 3 istiqamətdə helikopterlər, gəmilər və geofizika dalğıc gəmilərinin vasitəsilə aparılır. Axtarışlara iki qrup dalğıc cəlb olunub. “Günəşli” yatağında axtarışlar sualtı aparatlar vasitəsilə həyata keçirilir.
Xəbər verildiyi kimi, cümə günü saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiya qarşısında xilasetmə işlərinin və itkin düşənlərin axtarışının sürətləndirilməsi, hadisənin baş vermə səbəblərinin araşdırılması və baş vermiş faciənin nəticələrinin aradan qaldırılması vəzifəsi qoyulub. Baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxil edilib.
Bundan əlavə, platformadakı qəza faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
Bundan başqa, cümə günü saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Tufan nəticəsində itkin düşmüş neftçilərin axtarışları hələ ki, nəticə verməyib.
N.Abbasova