Mədəniyyət və Turizm Nazirliyinin Bakıda həyata keçirdiyi “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi başa çatıb.
“Layihənin məqsədi Azərbaycanın kino ənənələrinin qorunması və kino ustalarının təbliği, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır”, - deyə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşviq Hətəmov layihənin başa çatması münasibəti ilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Elçin Musaoğlunun “Nabat” filmi dünya ictimaiyyətinə təqdim ediləcək nümunəvi Azərbaycan filmidir.
“Ölkə rəhbərliyi kinonun inkişafına xüsusi əhəmiyyət verir. “Nabat” filmi müxtəlif film festivallarında və müsabiqələrində uğurla iştirak edib. Bu film sübut edir ki, Azərbaycanda kino sənəti uğurla inkişaf edir”, - deyə M.Hətəmov qeyd edib.
O deyib ki, filmin uğurlarından sonra rusiyalı və fransalı həmkarlarından kinostudiyaya əməkdaşlıq təklifləri daxil olub. “Bizdə istedadlı rejissorlar çoxdur, onların işləri ölkəmizi layiqincə təmsil edə bilər və bu filmlər diqqətəlayiqdir. Bizim məqsədimiz bu məsələyə ictimi diqqət çəkməkdir”, - deyə o əlavə edib.
Layihə çərçivəsində “Axınla üzü aşağı”, “Dərs”, “Yarımçıq xatirələr” filmləri nümayiş etdirilib. Layihənin başa çatması münasibəti ilə “Nabat” filminin nümayişi olub. Filmin nümayişindən sonra KİV nümayəndələrinin rejissorla görüşü və fikir mübadiləsi baş tutub. Nümayişdə Türkiyənin kino xadimləri də iştirak ediblər.
“Nabat” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Qarabağ müharibəsi zamanı baş verən dramatik hadisələrə həsr olunmuş film bir çox nüfuzlu beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov çəkiliblər.
“Nabat” bədii filmi müxtəlif kinofestial və forumlarda uğurla nümayiş etdirilib.
A.Zeydullayeva