Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın Bakıdakı səfiri Orelia Buşezə Azərbaycan ordusu tərəfindən erməni mövqelərinə endirilən zərbələr barədə məlumat verib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ermənistanın hərbi-siyasi rəhbərliyi regiondakı mürəkkəb vəziyyətdən öz xeyrinə istifadə etmək niyyəti ilə son bir neçə gündə cəbhəboyu zonada gərginlik yaratmağa, təxribatlar həyata keçirməyə cəhd göstərir. Azərbaycan əsgərinin vurduğu zərbələrdən qarşı tərəf xeyli itkilər verib, ancaq onlar bunu gizlətməyə çalışır. Erməni xalqı sadəcə olaraq Yerevan rəhbərliyinin girovuna çevrilib”, - deyə Z.Həsənov fransalı diplomatla görüş zamanı bəyan edib.
Nazir bildirib ki, uzun illərdir beynəlxalq qurumların fəaliyyətinə baxmayaraq, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükə mənbəyidir.
O.Buşez ölkələr arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayaraq fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin perspektivləri, hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi, eləcə də kosmik sənaye sahəsində texnologiyaların tətbiqi, müdafiə məhsullarını istehsal edən bir sıra şirkətlərlə işbirliyinin genişləndirilməsinə dair konkret məsələlər müzakirə olunub.
Tərəflər müxtəlif ixtisaslar üzrə hərbi mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində təcrübə mübadiləsi, fransız dili kurslarının, işçi görüşlərin təşkili məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
F.İsazadə