Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsi Azərbaycanda hər kəsdə təəssüf hissi doğurur. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov söyləyib.
“Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsi yalnız təəssüf hissi doğurur. Azərbaycan prezidenti bəyan edib ki, biz Türkiyə və Rusiya arasındakı münasibətlərdə ən azından gərginliyin artmaması, onlar arasında dialoqun qurulması, qarşılıqlı anlaşmanın yaranması üçün əlimizdən gələni etməyə hazırıq”,- deyə o qeyd edib.
Deputatın sözlərinə görə, Qazaxıstan də analoji vasitəçilik təşəbbüsü ilə çıxış edib.
“Lakin Rusiya və Türkiyə Azərbaycandan daha böyük dövlətlərdir. Həm Bakı, həm də Qazaxıstandan hələ ki, bu məsələ ilə bağlı kömək istənilməyib. Buna baxmayaraq, rəsmi Bakı bu təşəbbüsü səsləndirib və hesab edirəm ki, bu, düzgün addımdır. Mütləq deyil ki, bu təşəbbüs çərçivəsində hər iki dövlətin prezidentləri Bakıya və ya Almatıya dəvət olunaraq bir masa arxasında əyləşsinlər. Buna bizim gücümüz çatmaz. Lakin öz arzusunu bildirmək, Ankara və Moskva təərfindən qəbul edilə biləcək hər hansı təklif irəli sürmək olar. Hesab edirəm ki, Azərbaycan və Qazaxıstan prezidentləri bu xoş məramlarını davam etdirəcəklər”,- deyə R.Musabəyov vurğulayıb.
“Türkiyənin rəsmi şəxslərinin bu günlərdə Bakıya baş tutmuş səfərlərinə Moskvanın mənfi münasibət göstərə biləcəyi ilə bağlı suala politoloq cavab olaraq bildirib ki, Azərbaycan rəhbərliyi bütün dövlətlərlə münasibətlərin qurulmasında ölçülüb-biçilmiş siyasət yürüdür. Mən istərdim ki, Türkiyənin müttəfiqi olan Azərbaycan Rusiya ilə də qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini qoruyub saxlasın. Bu mənada Azərbaycanı seçim qarşısında qoymaq qeyri-konstruktiv olardı. Rusiya “sən Türkiyə ilə dostsansa, demək, mənə qarşısan” deyərək addım atmayacaq. Yox. Nə Ankara, nə də Moskva Azərbaycana seçim etməyi təklif etmir”,- deyə deputat qeyd edib.
Onun sözlərinə görə, nə Rusiya, nə də Türkiyə belə məsələ qaldırmayıb.
“Davudoğlu gəldi – bu, ümumilikdə bir ənənədir, türkiyəli rəhbərlər rəhbər vəzifəyə seçildikdən sonra ilk səfərlərini Azərbaycana edirlər. Xəzər dənizində faciə baş verəndə ilk olaraq Rusiya prezidenti zəng edərək başsağlığı verdi. Bu o deməkdir ki, Azərbaycan bir-biri ilə münaqişədə olan iki dövlətlə də etimada əsaslanan münasibətlərini qoruyub saxlaya bilib”, - deyə R.Musabəyov əlavə edib.
R.Babayev