Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk gələcəkdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə BMT-nin aidiyyəti qurumları arasında əməkdaşlığın yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar A.Brukla əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov arasında keçirilən görüşdə BMT nümayəndəsi fəaliyyəti dövründə respublikamızda bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahat tədbirlərini maraqla izlədiyini və həmişə bu işlərdə öz dəstəyini vermək üçün səylər göstərdiyini vurğulayıb.
Öz növbəsində S.Müslümov bildirib ki, Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müvafiq sahələr üzrə ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm verir. “Ötən dövrdə həmin təşkilatlarla uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb”, - deyə o qeyd edib.
Görüşdə əməkdaşlıq müstəvisində görülən işlərə və onların nəticələrinə dair fikir mübadiləsi aparılıb.
R.Babayev