“Azərbaycan Hava Yolları” QSC (AZAL) Heydər Əliyev adına Beynəlxalq Hava Limanında müasir tipli ikinci Hava hərəkətinin idarəedilməsi qülləsini istifadəyə verib .Bu barədə QSC-nin məlumatında bildirilir.
“Radiolokatorla təchiz olunmuş yeni Hava hərəkətinin idarəedilməsi qülləsi hazırda Avropada unikal sistem kimi tanınır və hava hərəkətinin idarəedilməsi sahəsində bütün müasir tələblərə cavab verir. Hava hərəkətinin idarəedilməsi qülləsi təyyarələrin hava limanına yanaşması zamanı və Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verəcək”, - deyə məlumatda qeyd edilir.
Yeni Hava hərəkətinin idarəedilməsi qülləsi üçün S rejimini dəstəkləyən ikincili RSM970S radiolokatorunun təchizatı THALES şirkəti tərəfindən həyata keçirilib.
"İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri özündə birləşdirən yeni texnologiyaların tətbiqi üzrə dünya liderlərindən biridir. Bunun nəticəsində ICAO və “Eurocontrol”un son tələblərinə uyğun olaraq uçuşların yüksək təhlükəsizlik səviyyəsi təmin olunur. Azərbaycanın aeronaviqasiya sistemi əsas hava daşıyıcılarının diqqətini cəlb edib", - deyə məlumatda AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasova istinadən bildirilir.
Bu gün “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşa və hava limanlarında təxminən 40 min uçuşa aeronaviqasiya xidməti göstərir.
N.Abbasova