Səhiyyə naziri Oqtay Şirəliyev donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu əmr qonşu İran İslam Respublikasında donuz qripinin yayılması ilə əlaqədar imzalanıb.
“Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır.
Əmrə əsasən, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılmalı, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməli, həmçinin dezinfeksiya işləri aparılmalıdır.
Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması tapşırılır.
Bundan başqa, respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinə əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarətin gücləndirilməsi tapşırılıb.
Ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır. Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb.
A.Zeydullayeva