Təhsil Nazirliyi bir sıra rayonlarda çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dekabrın 9-da Şirvan şəhərində Hacıqabul, Sabirabad, İmişli, Saatlı rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Şirvan Olimpiya İdman Kompleksində keçirilən imtahanlarda 6500-dən çox müəllim iştirak edəcək. Diaqnostik qiymətləndirmə proqram təminatı əsasında kompüterlər vasitəsilə həyata keçirilir. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir.
Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10%-nə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
A. Zeydullayeva