Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur hüquq müdafiəçisi Leyla Yunusun azadlığa buraxılmasını alqışlayır. Bu barədə AŞPA-nın məlumatında qeyd olunur.
“L.Yunusun nəhayət ki, azadlığa buraxılmasına şadam. Bu, çoxdan gözlənilən humanizm jestidir və Leylanın ailəsi və dostları üçün sevindirici haldır. Onun vəziyyətinin pisləşməsi böyük narahatlıq doğurmuşdu. Onun həyat yoldaşı Arif Yunusdan bir qədər sonra azadlığa buraxılması çox yaxşı xəbərdir”, - deyə A.Brasseur bəyan edib.
Xəbər verildiyi kimi, Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. Məhkəmənin qərarına əsasən, LYunus məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində çıxarılmış həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, onun həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökm dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, sənədləri saxtalaşdırma maddələrinə əsasən çıxarılıb.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Xatırladaq ki, noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. O, məhkəmə zalından azadlığa buraxılıb və hazırda ev dustağıdır.
A.Əzizov