Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ - “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə operator) cümə axşamı “Çıraq” platformasında profilaktik işlərdən sonra neft hasilatını bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
“Platformada hasilat profilaktik işlərdən sonra 10 dekabr tarixində bərpa olunub. Profilaktik işlər proqramında nəzərdə tutulan bütün işlər uğurla və tam təhlükəsizlik şəraitində başa çatıb”, - deyə ABƏŞ-dən bildiriblər.
Platformadan neft hasilatı tədricən adi səviyyəyə qədər artacaq.
Xəbər verildiyi kimi, noyabrın 10-da profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması məqsədilə "Çıraq" platformasından hasilat dayandırılıb.
2015-ci ilin yanvar-sentyabr aylarında “Çıraq” platformasından orta hesabla sutkada 54 min barel neft hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
N.Abbasova