Azərbaycan məktəbliləri Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) ölkəni uğurla təmsil ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, Azərbaycan olimpiadanın yekunları üzrə 43 ölkənin nümayəndələri arasında 2 gümüş, 3 bürünc medal qazanıb.
Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Hüseyn Babayev və Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Cəfər İsbarov gümüş, Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdləri Turan Bədəlli və Emin Qayıbov, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Turan Məmmədli bürünc medal qazanıb.
Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.
Bu olimpiadada Azərbaycanı təmsil edən məktəblilər 2004-cü ildə 1 bürünc, 2005-ci ildə 2 bürünc, 2007-ci ildə 3 bürünc, 2008-ci ildə 3 bürünc, 2009-cu ildə 1 gümuş, 2 bürünc, 2011-ci ildə 1 gümüş, 4 bürünc, 2012-ci ildə 4 bürünc, 2013-cü ildə 1 bürünc, 2014-cü ildə 1 bürünc medal qazanıblar.
Nazirlikdən qeyd ediblər ki, bu il Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələrinə görə Azərbaycan TOP-50 ölkənin sırasına düşüb. Bakıda keçirilmiş Beynəlxalq Kimya Olimpiadasında isə şagirdlər 2 bürünc medal əldə ediblər.
A.Zeydullayeva