Azərbaycan ümid edir ki, Rusiya helikopterlərinin ölkənin Ermənistandakı hərbi bazasında yerləşdirilməsi Azərbaycana qarşı yönəlməyib. Bu fikri cümə günü jurnalistlərlə söhbətində Milli Məclisin vitse-spikeri Bahar Muradova səsləndirib.
“Biz rusiyalı həmkarlarımızdan eşidirik ki, Rusiyanın Ermənistanla və digər ölkələrlə münasibətləri Azərbaycana qarşı yönəlməyib. Əgər Rusiya helikopterlərinin Ermənistandakı hərbi bazada yerləşdirilməsi Rusiyanın milli və dövlət maraqlarına xidmət edirsə, biz inanmaq istərdik ki, bu maraqlar Azərbaycanın maraqları ilə toqquşmur”, - deyə B.Muradova Rusiyanın 7 ədəd “Mi-24P” və “Mi-8 MT” tipli hücum və nəqliyyat təyinatlı helikopterlərinin Cənub Hərbi Dairəsinin"Erebuni"aviasiya bazasında yerləşdirilməsi barədə xəbəri şərh edərkən bildirib.
Vitse-spiker qeyd edib ki, Azərbaycanın Rusiya ilə çox sıx müttəfiqlik əlaqələri var.
“Biz uzun illərdir eyni taleyi yaşayırıq. Bu ölkələr regionda baş verən proseslər fonunda bir-birindən ayrılıqda fəaliyyət göstərə bilməz. Bu, heç kimin maraqlarına uyğun gəlmir”,- deyə B.Muradova bildirib.
O, Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətlə əlaqədar olaraq deyib ki, Ermənistan tərəfi hər gün təxribatlara yol verir.
“Bu, müharibədir. Müharibə hər gün davam edir, hər iki tərəf itki verir. Bu, regiondakı sabitliyə də böyük zərbə vurur”,- deyə B.Muradova vurğulayıb.
R.Babayev