Müdafiə Nazirliyi Ermənistan mətbuatının Azərbaycana məxsus pilotsuz uçan aparatın (PUA) məhv edilməsi barədə yaydığı xəbəri təkzib edir.
“Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətlərini nəzarətdə saxlanılır. PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə planauyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə məhv edilən PUA barədə sorğuya cavab olaraq bildirilib.
Nazirlikdən qeyd ediblər ki, bu xəbər sadəcə cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. “Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq”.
“Əslində erməni cəmiyyətində “ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meyilli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar”, - deyə nazirlikdən qeyd ediblər.
F.İsazadə