Azərbaycan Respublikasının baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev və Xarici İşlər Nazirliyinin əməkdaşları “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyasında iştirak ediblər. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.
Vyanada keçirilən sessiyada K.Əliyev ötən ilin noyabrında Bakıda keçirilmiş III sessiya zamanı Assambleyanın sədri vəzifəsinə seçilmiş baş prokuror Zakir Qaralovun adından çıxış edib.
Baş prokurorun müavini tədbir iştirakçılarına Azərbaycanda son illərdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən ən uğurlu qabaqlayıcı institusional tədbirlərdən biri kimi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla qeyd olunan sazişə qoşulmuş və ya ratifikasiya etmiş üzvlərin sayı 65-ə çatıb. Sessiyada Akademiyanın rəhbərliyi tərəfindən ötən müddət ərzində Azərbaycanın təşkilata verdiyi töhfələr yüksək qiymətləndirilib.
Assambleyanın nizamnaməsinə görə sessiyanın açılışında təşkilata sədrlik Nigeriyaya keçib. Daha sonra Akademiyanın İdarə Heyətinə seçkilər keçirilib. Təşkilatın fəaliyyətinə ölkəmizin verdiyi töhfələrin məntiqi nəticəsi kimi deputat Vüsal Hüseynov İdarə Heyətinə üzv seçilib
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarə Heyətinin sədri Marqarita Popova, Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Leytner, Akademiyanın dekanı və icraçı katibi Martin Kroytner və digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
R.Babayev